SON DƏQİQƏ

"Prezident də deyir ki, malınızı sığortlayın, necə sığortalayaqʔ"

Tarix:28-06-2020, 15:37

Bakının Binəqədi rayonu ərazisindəki "Eurohome" tikinti malları bazarında bazar ertəsi günü baş vermiş güclü yanğında dükanı yanan sahibkarlardan biri də Şamil Ağayevdir.

O deyir ki, bu bazarda dekabrda baş vermis böyük yanğında onun dükanı yanmamışdı, amma ikinci yanğında ona böyük ziyan dəyib.

Yanğın zamanı 150 min manatlıq malının yandığını və onun yalnız on min manatlıq hissəsini xilas edə bildiyini deyən sahibkar ehtimal edir ki, bazar qəsdən yandırılıb.

"Birinci yanğından sonra bazar rəhbərliyindən xahiş etmişdim ki, burada bir yanğınsöndürən maşın dayansın, bizim xahişimizi nəzərə almadılar. Axşam saat 7-də bazarı bağlayıb gedirik, saat 8-də də bazarın bütün işıqları söndürülür. Yanğın axşam saat 10-da başlayıb, çox güman ki, bu, qəsdən yandırılmadır. Gecə vaxtı burada adam olmur, yalnız keşikçi qalır, bazar öz-özünə necə yana bilər?" - sahibkar Şamil Ağayev deyib.

Ziyan çəkən digər sahibkarlar deyiblər ki, dükanlar arasındakı arakəsmələr taxtadan düzəlib - əslində isə daşdan olmalıdır, buna görə də yanğın dükanlar arasında tez yayılıb.

Sahibkarlar deyirlər ki, bazar rəhbərliyi təhlükəsizlik tədbirləri görməyib.

BBC News Azərbaycanca sahibkarların ittihamları ilə əlaqədar "Eurohome" bazarının rəhbərliyindən cavab ala bilməyib.

Ötən ilin dekabrında "Eurohome" bazarındakı birinci yanğın hadisəsində bazarda 100-ə yaxın dükan ziyan çəkmişdi.

Bazar ertəsi günü baş verən yanğında da onlarla tikinti malları satan dükan yanaraq yararsız hala düşüb. Bu dəfə yanan dükanlar ötən yanğında ziyan çəkməyənlər, bazarın arxa hissəsində yerləşənlərdir.

Sahibkarlar ötən yanğından sonra da mallarını sığorta etdirə bilmədiklərini deyirlər.

Şamil Ağayev deyib ki, "ötən yanğından sonra sığorta şirkətlərinə zəng etdik ki, sığortalatdıraq. Onlar dedilər ki, biz bazarı sığorta eləmirik. Bilmirik nə məsələdir. Ortada biz sahibkarların malı yanıb gedir, heç kim də kömək eləmir."

Yanğında dükanı yanan başqa bir sahibkar İsa Süleymanov deyib ki, 550 kvadrat metrlik sahədə onun 250-300 min manatlıq malı yanıb.

"Sığorta şirkəti yiyəlik etmir, prezident də deyir ki, malınızı sığortlayın, necə sığortalayaqʔ Harda sığortalayaq, kimə sığortalatdıraqʔ Zəng edirik heç biri gəlmir. Bəs biz sözümüzü kimə deyəkʔ" - İsa Süleymanov deyib.

İstintaq başlanıb

Söhbət etdiyimiz dükan sahibləri bildiriblər ki, yanğınsöndürənlərin suyu tez qurtarıb, bazarın su çənində isə su olmayıb və əlavə su gələnə kimi yanğın çox yayılıb.

Fövqəladə Hallar Nazirliyindən bununla bağlı şərh almaq mümkün olmayıb.

"Eurohome" tikinti malları bazarında olan yanğınla əlaqədar Baş prokurorluğun əməkdaşları bazarda istintaqa başlayıb.

İstintaqçılar hadisə şahidlərini və dükan sahiblərini yerində sorğu-sual ediblər.

Bazar ertəsi baş verən yanğınla bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluq bildirib ki, hər iki yanğın eyni ərazidə baş verdiyindən cinayət işləri birləşdirilib və qurumun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə verilib.

2019-cu ilin dekabrında bazarda baş vermis yanğının istintaqının nəticələri hələ ki, məlum deyil.

BBC News Azərbaycancanın Fövqəladə Hallar Nazirliyindən və Baş prokurorluqdan hər iki yanğınla və ittihamlarla bağlı suallarına cavab ala bilməyib.

Binəqədi rayonu ərazisindəki "Eurohome" tikinti malları bazarında
dle

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN