SON DƏQİQƏ

Azərbaycan və Ermənistanda COVİD-19 yoluxma halların kəskin artımı müşahidə olunur.

Tarix:3-11-2020, 13:17

Qarabağ və ətraf rayonlarda bir aydan artıqdır ki, davam edən hərbi əməliyyatların fonunda koronavirusla bağlı vəziyyət yenidən alovlanmaqdadır. Azərbaycanda müharibədən əvvəl tədricən azalan yoluxma hallarının sayı ötən həftə ilk dəfə olaraq, min həddini keçib və artmaqda davam edir.

Operativ Qərargahın verdiyi məlumata əsasən, noyabrın 3-də 1242 yoluxma və 15 ölüm halı qeydə alınıb. Bu bir gündə qeydə alınan ən yüksək göstəricidir.

Müqayisə üçün: sentyabrın 22-də günlük yoluxmaların sayı 98 olub. Eyni gün ərzində 2 ölüm faktı qeydə alınmışdır.

Ermənistanda son gün ərzində yoluxanların sayı 1328-ə çatıb, 22 ölüm faktı qeydə alınıb. Ötən həftə infeksiyanın yayılmasının günlük səviyyəsi ilk dəfə olaraq, 2 min həddini keçib.

Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, 22 sentyabrda günlük yoluxma hallarının sayı 115 səviyyəsində idi.

Azərbaycanda həm səhiyyə rəsmiləri, həm də əsgərlər cəmiyyəti karantin rejimi qaydalarına əməl etməyə çağırıblar.

Müəllimə
Şəklin alt yazısı,

Koronavirus hadisələrinin artmasına görə, oktyabrın 19-dan noyabrın 2-nədək Azərbaycanın bütün təhsil müəssisələrində tətil elan olunub. (Arxiv görüntüsü)

Ötən ay Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hərbi əməliyyatlar nəticəsində insanların bir yerdən digərinə köçünün əhalinin sağlamlığı ilə bağlı vəziyyətin pisləşməsinə səbəb olacağı barədə xəbərdarlıq edib.

Azərbaycanda koronovirusun yayılması ilə bağlı qərara əsasən, xüsusi karantin rejimi 1 dekabradək uzadılıb.

Son vaxtlar Azərbaycan mediasında sosial məsafə və maska taxmaq kimi tələblərə əvvəlki kimi riayət olunmadığı qeyd edilir. Ötən ayın sonunda bu barədə bəyanatla Tibbi Ərazi Bölmələri İctimai Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə İşçi qrupunun rəhbəri çıxış edib.

Vasif Əliyev diqqətin ön cəbhəyə yönəldiyi bir vaxtda koronavirusun yayılmasının artan istiqamətdə davam etdiyini deyib.

"Təbii ki, bunlar anlaşılandır, ancaq indi arxa cəbhədəki koronavirusu unutmuşuq, buna adi düşmən kimi baxırıq, diqqətimiz əvvəlki qaydada deyil," - TƏBİB işçi qrupu rəhbərinin sözləri APA agentliyində iqtibas olunur.

Vasif Əliyevin qaydalara əməl etməyə səsləyib, çünki onun sözlərinə görə, mülkilər arasında yayılan yoluxma halları hərbçilərin və tibbi heyətin yoluxmasına da səbəb ola bilər.

Üzlərində tibbi maska olan polis əməkdaşları
Şəklin alt yazısı,

Üzlərində tibbi maska olan polis əməkdaşları Yerevanın hərbi komissarlığı qarşısında keşik çəkir

Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin nümayəndəsi deyib ki, əhali qaydalara riayət etməsə Ermənistan yaralı əsgərlə COVID-19 xəstəsi arasında seçim etməli olacaq.

Romella Abovyan rekord rəqəmləri "müharibə bəhanəsi ilə" maska taxmaq, məsafəni saxlamaq və əlləri dezinfeksiya etmək kimi üç tələbə riayət etməməklə bağlayır.

"Qoy hamı ön cəbhədə +38 temperaturu və sətəlcəmi olan əsgəri təsəvvür etsin", o, Ermənistan mediasına deyib.

Bu arada azərbaycanlı çağırışçılar ictimaiyətə müraciətində koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısını almaq karantin rejiminin qaydalarına, tibbi tövsiyələrə və müvafiq təlimatlara riayət edilməsinin vacibliyini bildiriblər.

Onlar vətəndaşları arxa cəbhədə pandemiya dövrünün tələblərinə uyğun olaraq COVID-19-a qarşı aparılan mübarizədə aktiv iştirak etməyə çağırıblar.

"Bu gün Ermənistanın işğalına son qoymaq üçün şanlı Azərbaycan ordusu cəbhədə zəfərlər qazanır. Biz cəmiyyət olaraq həmrəylik nümayiş etdirib, gözəgörünməz düşmən olan koronavirusla mübarizədən də qalib çıxmalıyıq," - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında əsgərlərin müraciətindən iqtibas gətirilir.

Hərbi əməliyyatların təsiri

ÜST hərbi əməliyyatların koronavirusun yayılmasına "böyük təsirini" qeyd edir.

General müharibə anonsu verdi: Qarabağda... - son xeberler

"Davamlı toqquşmalar nəticəsində insanların bir yerdən digərinə köçü əhalinin sağlamlığı ilə bağlı vəziyyətin pisləşməsinə səbəb olacaqdır", - 22 oktyabrda təşkilatın Avropa üzrə regional direktorunun adından yayılan rəsmi bəyanatda deyilir.

ÜST pandemiya şəraitində davam edən silahlı münaqişənin səhiyyə sisteminə əlavə təzyiq yaratdığını qeyd edir.

"Münaqişə, pandemiya səbəbindən yükü artan səhiyyə sistemini daha da yükləməklə onun işinə birbaşa mənfi təsir göstərir. Bu, ÜST-nin Avropa regionunda COVID-19-a yoluxma hallarının sayının artmağa davam etdiyi bir vaxta təsadüf edir".

İndiyədək Azərbaycanda koronavirusa yoluxanların ümumi sayı 58 mini keçib. Ermənistanda bu göstərici 95 minə yaxınlaşır.

Koronavirus hallarının yenidən artması dünya boyunca da müşahidə olunur. Hazırda 190 ölkədə 46 milyondan artıq təsdiqlənmiş yoluxma hadisəsi qeydə alınıb, 1,2 milyon çox insan həyatını itirib.

Gün ərzində 415 min yeni hadisə qeydə alınıb. Bir çox Avropa ölkəsinin səhiyyə rəsmiləri yeni hadisələrin və xəstəxanalara müraciətlərin sürətlə artdığını deyirlər. İspaniya bir milyondan çox yoluxma hadisəsini qeydə alan ilk qərbi Avropa ölkəsi olub. Ondan sonra bu həddi Fransa və Britaniya keçib.

Mənbə:BBC.com

dle

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN