SON DƏQİQƏ

Azərbaycan prokurorluğu əsir götürülmüş hərbçilərlə qeyri-insani rəftara görə cinayət işi başlayıb

Tarix:21-11-2020, 19:41

Azərbaycan Baş Prokurorluğu əsir götürülmüş, yaxud həlak olmuş erməni hərbçiləri üzərində "təhqiredici hərəkətlərin" nümayiş etdirildiyi videolarla istintaq apardığını elan edib və bu cür əməllərdə əli olan şəxslərin məsuliyyətə cəlb ediləcəyini bəyan edib.

“Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Azərbaycanın hərbi qulluqçularının torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində aparılan döyüş əməliyyatları zamanı həlak olmuş erməni hərbçilərinin meyitləri üzərində təhqiredici hərəkətlər etmələrini, habelə əsir götürülmüş erməni hərbçiləri ilə qeyri-insani rəftarı əks etdirən videogörüntülər yayılıb. Həmin videogörüntülər Azərbaycan Baş Prokurorluğu və Hərbi Prokurorluq tərəfindən təhlil edilərək öyrənilib, bir çox videoçarxların saxta olması müəyyən edilsə də, bəzilərinin doğru olmasına və reallığı əks etdirməsinə ciddi şübhələr yaranıb. Bu səbəbdən Azərbaycan Hərbi Prokurorluğu Cinayət Məcəlləsinin 115.2 (işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə cinayət işi başlayıb, hazırda həmin videogörüntülərlə bağlı zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir,” yayılan məlumatda bildirilir.

Altı-Həftəlik Müharibə dönəmində Azərbaycan və Ermənistan bir-birlərini müharibə cinayətlərində ittiham ediblər. Mümkün cinayətləri əks etdirən videolar sosial media platformalarında paylaşılıb.

Azərbaycan rəsmilərinin yaydığı məlumatda deyilir ki, bu kimi qanunsuz əməllərə yol verən şəxslər müəyyən edilib məsuliyyətə cəlb edilməklə, istintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcəkdir.

Baş Prokurorluq həmçinin Azərbaycan vətəndaşlarını və hərbi qulluqçularını yuxarıda qeyd olunan qanun pozuntularının yolverilməzliyi barədə bir daha xəbərdar edir.

Prokurorluq həmçinin 1992-ci ildən başlayaraq işğal olunmuş ərazilərdə arxeoloji qazıntıların aparılması, tarixi maddi və mədəni irs abidələrinin talanması, ekoloji cinayətlərlə bağlı araşdırmalara başlanıldığını elan edib.

“Bir daha qeyd edilməlidir ki, işğaldan azad edilmiş ərazilərimizdə hazırda mövcüd olan tarixi, dini və mədəni abidələrin məhv edilməsi və ya onlara hər hansı formada zərər yetirilməsi yolverilməzdir. Baş Prokurorluq bəyan edir ki, oxşar xarakterli qanun pozuntularına yol vermiş hərbi və mülki şəxslər barəsində qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin ediləcəkdir," məlumatda deyilir.

Çərşənbə günü UNESCO-nun Baş Direktoru Audrey Azoulay Azərbaycan və Ermənistan nümayəndə heyətini qəbul edib.

Görüş zamanı Azoulay tərəflərə rəsmi olaraq münaqişə səbəbi ilə bu günə qədər UNSECO-nun ziyarət edə bilmədiyi ərazilərə missiya göndərməyi təklif edib.

Bu missiya tərəflərin razılığı ilə ən vacib mədəni varlıqların bir inventarını hazırlamağa vasitəçilik edəcək. Baş Direktor əlavə edib ki, UNESCO bu missiyanı həyata keçirmək üçün bütün maraqlı tərəfdaşlarla işləməyə hazırdır. Bu çərçivədə Minsk Qrupuna həmsədrlik edən ölkələrlə artıq məsləhətləşmələrə başlanılıb.

Görüş zamanı Audrey Azoulay tərəflərə 1954-cü ildə qəbul olunmuş Silahlı Münaqişə Baş verdikdə Mədəni Sərvətlərin Qorunmasına dair Konvensiyasının və iki Protokolunun müddəalarını xatırladaraq bildirirb ki, “hər hansı bir xalqa məxsus olan mədəni sərvətlərin zədələnməsi bütün bəşəriyyətin mədəni irsinə zərər deməkdir”.

Görüşlərdə Baş Direktor rəsmən UNESCO-nun texniki dəstəyini təklif edib. Keçmişdə cəhdlərə baxmayaraq, UNESCO heyəti bu ərazilərə gələ bilməyib. Azoulay hesab edir ki, bütün tərəflərin razılığı ilə ilkin missiya ərazidəki mühüm mədəni abidələrin inventoriyasını sənədləşdirə bilər.

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində Qarabağ istiqamətində sentyabrın 27-də hərbi əməliyyatlar bərpa edilib. Ağır döyüşlər nəticəsində Azərbaycan beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini azad edib. 44 gün davam edən döyüşlərdən sonra noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş Naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin imzaladığı birgə bəyanatla hərbi əməliyyatların dayandırlması barədə razılıq əldə edilib. Razılaşmaya əsasən Ermənistan noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonundan hərbi qüvvələrini çıxararaq Azərbaycana qaytaracaq.

Bəyanata uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilib.

 

 

Mənbə:Amerikanın səsi

dle

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN